Şəkidə müəllim və şagirdlərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır - AQTA

15:21 23.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəkidə qeydə alınan hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub.

Bu barədə AQTA-dan hafta.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Qeyd edilib ki, hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.

Qeyd edək ki, Şəkidə orta məktəbin 24 şagirdi və 3 müəllimi zəhərlənib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, bu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq. Qeyd edilib ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.

Şəki-Zaqatala regional təhsil idarəsi də məktəbdə baş verən zəhərlənmə faktı ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, Şəki rayon Qudula kənd orta məktəbində zəhərlənmə halları qeydə alınıb. Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Bununla bağlı olaraq Şəki-Zaqatala regional təhsil idarəsinin məsul əməkdaşları xəstəxanada onlara baş çəkib və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar. Narahatçılıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir. İlkin araşdırmalara görə zəhərlənməyə məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub. Mayın 23-də hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir.

Hadisə haqqında əlavə məlumat veriləcək.